Baş nazirin müavini: Azərbaycan Cənubi Qafqazın ən açıq və əlverişli biznes mühitinə malik dövlətidir
Çin Xalq Respublikasının Sədri Si Cinpinin himayəsi ilə Şanxayda 8-ci Çin Beynəlxalq İdxal Sərgisi işə başlayıb.
Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, xarici məhsulların və xidmətlərin Çin bazarına girişini təşviq etmək məqsədi daşıyan nüfuzlu beynəlxalq sərgidə bir neçə ölkənin hökumət rəhbəri, nazirlər, beynəlxalq və regional təşkilatların rəhbərləri, iri şirkətlərin idarəediciləri iştirak edir. Baş nazirin müavini, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərliyi ilə dövlət qurumlarının rəhbər şəxslərindən ibarət nümayəndə heyəti sərgiyə qatılıb.
Tədbirin açılış mərasimində çıxış edən Çinin Dövlət Şurasının Sədri (Baş nazir) Li Çian sərginin Çini dünya ilə birləşdirən əhəmiyyətli bir körpü olduğunu deyib. Dünyanın 150-dən çox ölkəsindən 4100-dən çox şirkətin iştirak etdiyini, bu cür rekord göstəricilərin Çinin nəhəng bazarının canlılığını və dinamizmini tam nümayiş etdirdiyini deyən Li Çian əlavə edib ki, Çin 1,4 milyardlıq böyük bir bazarın potensialını tam ortaya çıxarmaq üçün daxili tələbatı, xüsusilə istehlakı artırmaqdan ötrü daha çox səy göstərəcək.
Fortunamag.az
