Bakıda II Azərbaycan–Özbəkistan Media Forumu keçirilir
Sentyabrın 30-da Bakıda II Azərbaycan–Özbəkistan Media Forumu öz işinə başlayıb. “Rəqəmsal transformasiya və media” başlığı altında təşkil olunan forum Media İnkişaf Agentliyinin təşəbbüsü ilə keçirilir.
Tədbirin açılışında nümayiş etdirilən videoçarxda iki qardaş ölkə arasında media sahəsində mövcud əməkdaşlıq əks olunub. Forum iştirakçılarını salamlayan MEDIA-nın icraçı direktoru Əhməd İsmayılov qeyd edib ki, Azərbaycan və Özbəkistan arasında əlaqələr bu gün strateji tərəfdaşlıq səviyyəsinə çatıb və bu, medianın da inkişafına töhfə verir.
Əhməd İsmayılovun sözlərinə görə, müasir dövrdə informasiya yalnız ənənəvi vasitələrlə deyil, mobil telefon ekranlarında, sosial şəbəkələrdə və süni intellektlə hazırlanmış platformalarda da yayılır. “Artıq sürətli xəbər yox, etibarlı və təsdiqlənmiş informasiya cəmiyyət üçün daha önəmlidir”.
O bildirib ki, rəqəmsal dövrə adaptasiya yalnız jurnalistlərin deyil, bütün ictimai institutların birgə fəaliyyəti ilə mümkündür: “Forum çərçivəsində qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsi ilə bu texnoloji dəyişiklikləri ölkələrimizin xeyrinə çevirmək mümkündür.”
Fortunamag.az

