Bakıda 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçiriləcək
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında Bakıda 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (1st Azerbaijan International Investment Forum – “AIIF 2025”) keçiriləcək.
22-23 sentyabr tarixlərində İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı, Avropa Evi – “Ambrosetti”nin (TEHA) strateji tərəfdaşlığı, həmçinin “Euronews” və “Sea Breeze”in media və təşkilati dəstəyi ilə keçiriləcək forum dövlət rəsmiləri, biznes liderləri və beynəlxalq investorları bir araya gətirəcək.
Forum, Şərq və Qərbin strateji qovşağında yerləşən ölkələrin investisiya imkanlarını araşdırmaq və qlobal ticarət ilə dayanıqlı təchizat zəncirlərinin gələcəyini formalaşdırmaq üçün unikal platforma təqdim edir. İştirakçılar burada yeni qlobal rəqabətlilik paradiqmaları barədə dəyərli biliklər əldə etməklə yanaşı, yüksək səviyyəli əlaqələr qurmaq, strateji sazişlər bağlamaq və yeni tərəfdaşlıqlar yaratmaq imkanına malik olacaqlar.
Tədbirin proqramına plenar iclaslar, institusional və panel sessiyalar, tematik müzakirələr, eləcə də ölkəmizin investisiya imkanları və potensialını nümayiş etdirən sərgi daxildir. İki gün davam edəcək forumda enerji, nəqliyyat, sənaye, kənd təsərrüfatı, rəqəmsal inkişaf, səhiyyə və daşınmaz əmlak sahələrində regional əməkdaşlıq və investisiya perspektivləri ətraflı müzakirə olunacaq.
Fortunamag.az
