Azercell və Amazon Web Services əməkdaşlığı genişlənir
7 oktyabr 2025-ci il tarixində Azercell rəhbərliyi ilə Amazon Web Services (AWS) nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə tərəflər arasında əməkdaşlığın genişləndirilməsi və yeni qarşılıqlı fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi müzakirə olunub.
Fortunamag.az Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, görüşdə əsas müzakirə mövzuları sırasında süni intellekt əsaslı lokallaşdırılmış həllərin hazırlanması, infrastruktur layihələri — o cümlədən Direct Connect (xüsusi şəbəkə bağlantısı) və digər texnoloji təşəbbüslər yer alıb.
Amazon şirkəti Azercell-in rəqəmsal transformasiya sahəsindəki səylərini dəstəkləməyə hazır olduğunu bildirib. Bu çərçivədə rəqəmsal bazarın inkişafı, yeni tərəfdaşların cəlb olunması və innovasiyaların təşviqi kimi məsələlərə xüsusi diqqət yetirilib.
Görüş zamanı kibertəhlükəsizlik, süni intellekt strategiyası və innovativ texnologiyalar üzrə ixtisaslaşmış sessiyalar da təşkil edilib.
Tərəflər bu tərəfdaşlığın ölkənin rəqəmsal ekosisteminin gücləndirilməsi yolunda mühüm addım olduğunu vurğulayıblar.
Qeyd edək ki, Amazon Web Services dünyada ən iri və geniş miqyaslı qlobal infrastruktur şəbəkəsinə malikdir. Şirkətin unikal şəbəkə arxitekturası müştərilərə bulud, lokal və ya periferiya cihazlarında fəaliyyət göstərən tətbiqlər üçün misilsiz miqyaslana bilənlik, yüksək performans və etibarlılıq təmin edir.
Fortunamag.az

