“Azadlıq prospekti” stansiyasının tarixçəsi
“Azadlıq prospekti” stansiyası paytaxtın nəqliyyat tarixində mühüm mərhələlərdən biri hesab olunur. Sovet dövründə layihələndirilib və tikintisinə 1989-cu ildə başlanıb.
Fortunamag.az bildirir ki, “Azadlıq prospekti” Azərbaycan metropolitenində platforması sütunsuz olan ilk stansiya kimi xüsusi əhəmiyyət daşıyır. Stansiyanın yerləşdiyi ərazidə süxurların əsasən əhəng daşından ibarət olması onun tağvari, sütunsuz platforma formasında inşa edilməsinə imkan verib. 14 metr dərinlikdə yerləşən stansiya həm mühəndislik baxımından, həm də memarlıq həlli ilə seçilir.
Tikintisinə SSRİ dövründə başlanılsa da, 1990-cı illərin əvvəllərində baş verən geosiyasi proseslər və müttəfiq respublikaların müstəqillik qazanması nəticəsində işlər uzun müddət dayandırılmışdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, metro tikintisinə ayrılmış təxminən 600 milyon manata yaxın vəsait hesabına inşaat işləri 2006-cı ildə bərpa olunub və 2009-cu ildə tam yekunlaşdırılıb.
Ümumi uzunluğu 297 metr olan stansiya kompleksi sərnişin platformasından (eni 10 metr, uzunluğu 102 metr), iki vestibüldən, əsas ventilyasiya kamerasından, dönmə kamerasından, iki yeraltı keçiddən və dörd giriş-çıxışdan ibarətdir. Daxili sistemlərin qurulmasında Türkiyə, Rusiya, Almaniya və digər ölkələrin istehsalı olan müasir avadanlıqlardan istifadə edilib.
Prezident İlham Əliyevin iştirakı ilə açılışı keçirilən “Azadlıq prospekti” stansiyası paytaxtın Şimal yaşayış sahələrinə doğru yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsində mühüm rol oynayır. Stansiyanın elektrik enerjisi ilə təminatı üçün Bakı metropolitenində ilk dəfə olaraq xüsusi plan əsasında inşa edilmiş yerüstü yarımstansiya istifadəyə verilib.
Müasir üslubda inşa olunan stansiya estetik görünüşü ilə diqqət çəkir və Bakı metro memarlıq məktəbinə yeni cizgilər əlavə edir. Daxili tərtibatda müasirliklə yanaşı, milli memarlıq ənənələrinə xüsusi önəm verilib. Pannolarda Azərbaycanın nadir memarlıq abidələri təsvir olunub, əsas zalın ümumi həcminə uyğun irimiqyaslı ornament və dekorativ elementlər tətbiq edilib. Platformada quraşdırılan oturacaqlar isə milli üslubu əks etdirən, eyni zamanda davamlı materiallardan hazırlanıb.
“Azadlıq prospekti” stansiyası texnoloji yenilikləri ilə də fərqlənir. Bakı metropolitenində ilk dəfə olaraq burada gediş kartlarının avtomatik yüklənməsi aparatları və vestibüllərdə sensorlu interaktiv sorğu köşkləri quraşdırılıb. Köşklər vasitəsilə sərnişinlər Azərbaycan, ingilis və rus dillərindən birini seçərək marşrut, yol vaxtı, keçid stansiyaları və təyinat məntəqəsi ətrafındakı obyektlər barədə ətraflı məlumat əldə edə bilirlər.
Stansiyada Almaniyanın “ThyssenKrupp” şirkətinin istehsalı olan, dayaz özüllü stansiyalar üçün nəzərdə tutulmuş “Tugela” tipli üç eskalatorun quraşdırılması da metropoliten tarixində ilkdir. Bundan əlavə, məlumatların yerləşdirilməsi üçün mərkəzləşdirilmiş sistem, müasir işıqlandırma, mühafizə və təhlükəsizlik avadanlıqları tətbiq olunub.
Yeni texnologiyaların tətbiqi nəticəsində qovşaqsız rels dövrələri hesabına rabitə avadanlığının sayı xeyli azaldılıb, daha kompakt və funksional qurğulardan istifadə edilib. Bu sistemlər nasazlıqların operativ şəkildə aşkar edilməsinə və aradan qaldırılmasına imkan yaradır. Qatarların hərəkətinin təşkili və təhlükəsizliyini təmin edən avadanlıqlar isə dövrünün ən mükəmməl texnoloji həlləri əsasında qurulub.
“Azadlıq prospekti” stansiyasına daxil olan qatarlarda səsləndirilən “Cəngi” milli rəqsinin fraqmenti isə sərnişinlərə həm milli ruh, həm də estetik zövq aşılayır.
Beləliklə, “Azadlıq prospekti” stansiyası yalnız nəqliyyat obyekti deyil, eyni zamanda mühəndislik yenilikləri, müasir texnologiyalar və milli memarlıq ənənələrinin vəhdətini özündə birləşdirən mühüm şəhər məkanlarından biridir.
