Azərbaycanın ilk monumental qadın heykəltəraşı
Heykəl sözsüz danışır, baxışlarla hissləri çatdırır, ruhun titrəyişlərini daşlara və tunca köçürür. Münəvvər Rzayeva isə bunu ustalıqla, insan psixologiyasının incə nüanslarını nəzərə alaraq edirdi.
Fortunamag.az bildirir ki, 6 iyun 1929-cu ildə Şuşada dünyaya gələn bu sənətkar yalnız Azərbaycan heykəltəraşlıq sənətində deyil, həm də qadın monumentalçılığında bir dönüm nöqtəsi oldu.
Şuşanın tanınmış xalça ustası Məcid kişinin ailəsində böyüyən Münəvvər, kiçik yaşlarından sənət və incəsənətlə iç-içə olmuşdu. 1950-ci ildə Bakıda Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini bitirən Münəvvər, 1956-cı ildə isə Moskvanın V.İ. Surikov adına Dövlət Rəssamlıq Akademiyasının heykəltaraşlıq fakültəsini, məşhur heykəltəraş Nikolay Tomskinin sinfində tamamlayaraq peşəkar yaradıcılıq yoluna qədəm qoydu.
Münəvvər Rzayeva 1943-cü ildən müxtəlif sərgilərdə iştirak edir və 1953-cü ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olur. Eyni zamanda Mədəniyyət Nazirliyinin Dövlət Komissiyasının üzvü, AMEA Nizami adına Ədəbiyyat Muzeyində isə bərpaçı rəssam kimi fəaliyyət göstərərək bir sıra heykəltəraşlıq nümunələrinin qorunmasına töhfə verir.
Onun əsərləri Azərbaycan Milli İncəsənət Muzeyi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Ordubadi Muzeyi, Siyəzən Mədəniyyət Evi və Bədii Fondda qorunur. Münəvvər xanım qranit, mərmər, bürünc, ağac və digər materiallardan istifadə edərək psixoloji portretlərin yaradılmasında xüsusi ustalıq nümayiş etdirirdi.
Münəvvər Rzayevanın sənətində obrazın daxili aləmi və psixoloji durumu əsas yer tutur. Onun heykəllərində gözlər xüsusi ifadə daşıyır, baxışlar obrazın daxili dünyasını tamaşaçıya çatdırır. Yaradıcılığında sənət adamlarının, dövlət xadimlərinin, əmək qəhrəmanlarının portretləri, büst və barelyefləri əsas mövzu təşkil edir. Hüseyn Cavid, Sergey Yesenin, Nəriman Nərimanov, Mikayıl Müşfiq və Nazim Hikmət kimi şəxiyyətlərin büstləri onun yaradıcılığında xüsusi yer tutur.
Münəvvər Rzayeva yalnız portret heykəltəraşı deyildi; o, monumental əsərlərlə də tanınırdı. 1966-cı ildə İmişlidə Səməd Vurğunun, 1969-cu ildə Bakıda Sevil Qazıyevanın, 1970-ci ildə Bakıda Mikayıl Müşfiqin, 1973-cü ildə Qubada Sabirin, 1983-cü ildə Gəncədə Məhsəti Gəncəvinin, 1998-ci ildə Gəncədə Nigar Rəfibəyli və s. kimi heykəllər onun əməyi ilə ucalmışdır.
Onun sonuncu monumental əsəri isə Azərbaycanın Qusar rayonunda yerləşən 3763 metr hündürlüyündəki “Heydər Zirvəsi”nə bərkidilən Azərbaycanın ümumilli lideri Heydər Əliyevin tunc barelyefidir. Bu əsər 1998-ci ildə alpinistlər tərəfindən zirvəyə çatdırılmışdır və heykəltəraşın texniki ustalığını göstərən nadir nümunələrdən biridir.
Münəvvər xanımın heykəllərində hər detal əl, baxış, duruş, hətta geyim elementləri obrazın ideyasını tamamlayır. Mikayıl Müşfiqin Nizami adına Ədəbiyyat Muzeyindəki heykəli, Məhsəti Gəncəvi monumenti və Nigar Rəfibəyli heykəli onun emosionallığa verdiyi önəmin nümunələridir. O, milli mənsubiyyəti yalnız zahiri atributlarla deyil, obrazın ruhu və kompozisiyanın dinamikası vasitəsilə ifadə edirdi.
Hər bir heykəl tamaşaçı ilə psixoloji əlaqə qurur, obrazın həyat hekayəsini açır. Sevil Qazıyevanın baş yaylığı, Mikayıl Müşfiqin qorxu dolu baxışları, Nigar Rəfibəyli və Məhsəti Gəncəvinin əl hərəkətləri heykəltəraşın emosional zənginliyini əks etdirir.
Münəvvər Rzayeva 4 mart 1992-ci ildə Azərbaycan Respublikasının Əməkdar Rəssamı adına layiq görülmüşdür. 2004-cü il iyunun 6-da, öz doğum günündə dünyasını dəyişmiş, amma onun əsərləri hələ də Azərbaycanın küçə və meydanlarını bəzəyir. 2019 və 2024-cü illərdə onun yubileyləri münasibətilə sərgilər təşkil edilmiş, yaradıcılığı bir daha diqqətə çatdırılmışdır.
Münəvvər Rzayeva həm sənətkar, həm də psixoloji portret ustası kimi Azərbaycan heykəltəraşlıq məktəbinin inkişafında əvəzolunmaz rol oynamışdır. Onun əsərləri insan ruhunu daş və tunc vasitəsilə yaşadan nadir nümunələr kimi qorunur.
Material “İnnovativ Proqress və Ekologiya” Sosial-İqtisadi İnkişafa Dəstək İctimai Birliyinin “İnnovativ proqress və tarix” layihəsi çərçivəsində təqdim olunur.
Fortunamag.az
