Azərbaycanın Əməkdar Artisti Cabir İmanov vəfat etdi
Azərbaycan mədəniyyətinə ağır itki üz verib – əməkdar artist, istedadlı aktyor və ictimai xadim Cabir İmanov 29 sentyabr 2025-ci il tarixində vəfat edib.
Cabir Qorxmaz oğlu İmanov 22 iyun 1976-cı ildə Bakı şəhərində dünyaya göz açıb. Görkəmli ziyalılar ailəsində böyüyən sənətkarın babası tanınmış bəstəkar, Xalq artisti Süleyman Ələsgərov, atası isə iqtisad elmləri doktoru, AMEA-nın müxbir üzvü Qorxmaz İmanov idi.
Orta təhsilini Bakıdakı 189 saylı məktəbdə alan Cabir İmanov, 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutuna daxil olmuş və 1997-ci ildə bu təhsil müəssisəsini bitirmişdir. Həmin ildən sonra hərbi xidmətdə olmuş, 1999-cu ildə isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil almağa başlamış və 2003-cü ildə hüquqşünas ixtisasına yiyələnmişdir.
Cabir İmanov uzun illər Daxili İşlər Nazirliyində çalışaraq, polis polkovnik-leytenantı rütbəsinə qədər yüksəlmişdir. Son olaraq Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzinə rəhbərlik edirdi.
1990-cı illərin sonlarından etibarən “Parni iz Baku” KVN komandasının üzvü kimi geniş tanınmağa başlayan aktyor, daha sonra “Planet Parni iz Baku” teatr kollektivinin daimi simasına çevrildi. Səhnə fəaliyyəti və yaratdığı obrazlarla minlərlə tamaşaçının qəlbində özünəməxsus yer tutan sənətkar, 2015-ci ildə “Əməkdar artist” fəxri adına, 2021-ci ildə isə “Tərəqqi” medalına layiq görülmüşdür.
Ailəli olan Cabir İmanovun dörd övladı var idi. O, həm də aktyor Tahir İmanovun qardaşı idi.
Cabir İmanovun vəfatı sənət cameəsi və xalqımız üçün əvəzolunmaz itkidir. Onun sənəti, şəxsiyyəti və xatirəsi daim yaşayacaq. Allah rəhmət eləsin!
Fortunamag.az

