• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ İnkişaf

Azərbaycanda su ehtiyatlarının idarə olunması: 2020–2025-ci illər üzrə institusional və infrastruktur transformasiyası

13.01.2026
İnkişaf, Xəbərlər
Azərbaycanda su ehtiyatlarının idarə olunması: 2020–2025-ci illər üzrə institusional və infrastruktur transformasiyası
Share on FacebookShare on Twitter

Prezident İlham Əliyev ölkəmizin su təhlükəsizliyinin təmin olunmasını milli təhlükəsizliyin strateji tərkib hissəsi kimi daim diqqət mərkəzində saxlayır. Qlobal iqlim dəyişikliyinin yaratdığı su qıtlığı risklərinə qarşı dövlət başçısının tapşırığı ilə hazırlanan sistemli tədbirlər planı su ehtiyatlarından qənaətlə istifadə və itkilərin qarşısının alınması üçün müasir texnologiyaların tətbiqini sürətləndirib. Xüsusilə dəniz suyunun duzsuzlaşdırılması zavodunun inşası, Xəzər dənizindən alternativ mənbə kimi istifadə edilməsi istiqamətində atılan addımlar ölkə rəhbərliyinin bu sahədəki uzunmüddətli və uzaqgörən siyasətinin bariz nümunəsidir. Dövlətin bu prioritet yanaşması təkcə mövcud problemlərin həllini deyil, həm də gələcək nəsillərin dayanıqlı su təminatını və ekoloji tarazlığın qorunmasını hədəfləyir. Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsi də əsas məqsədlərdəndir. Bu barədə yanvarın 12-də Prezident İlham Əliyevin sədrliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramına həsr olunmuş müşavirədə geniş bəhs olunub. Müşavirədə Bakı şəhərinin və Abşeron yarımadasının mövcud su problemləri, onların aradan qaldırılması istiqamətində görüləcək tədbirlər, su təhlükəsizliyinin təmin olunması və iqlim dəyişikliyinin yaratdığı risklər kimi məsələlərə toxunulub, bu sahədə sistemli və uzunmüddətli yanaşmanın əhəmiyyəti qeyd edilib.

Prezident İlham Əliyevin 2026-cı il 12 yanvar tarixli Sərəncamı ilə təsdiqlənən “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı” Bakı və Sumqayıt şəhərləri ilə yanaşı, bütün Abşeron yarımadasını əhatə etməklə regionun su və kanalizasiya infrastrukturunun tamamilə yenidən qurulmasını hədəfləyir. On illik dövrü əhatə edən bu strateji sənəd yağış və tullantı sularının idarə olunması sistemlərini müasirləşdirərək, paytaxt və ətraf qəsəbələrin ekoloji təhlükəsizliyini və su təminatını yeni mərhələyə yüksəldəcək.

Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, AZƏRTAC 2020-2025-ci illərdə ölkəmizdə su təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işlərə nəzər salır.

“Elektron su təsərrüfatı”na keçid: 2020-ci ildə atılan tarixi addımlar

İqlim dəyişmələrinin təsirlərinin artdığı, su ehtiyatlarının azalması risklərinin aktuallaşdığı bir dövrdə bu sahədə çevik və koordinasiyalı qərarların qəbulu zəruridir. Bu zərurətdən irəli gələrək dövlət səviyyəsində bir sıra mühüm addımlar atılıb və su təsərrüfatının idarə olunması yeni mərhələyə qədəm qoyub. Bu addımlardan biri kimi, 2020-ci il aprelin 15-də Prezident İlham Əliyevin Sərəncamı ilə su ehtiyatlarının səmərəli istifadəsinin təmin edilməsi və su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi məqsədilə Dövlət Su Komissiyası yaradılıb. Komissiyaya ölkə üzrə su istifadəsinin mövcud vəziyyətinin təhlili, uçot və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, eləcə də təxirəsalınmaz tədbirlərin hazırlanması tapşırılıb. Bundan bir neçə ay sonra – dövlətimizin başçısının 2020-ci il 27 iyul tarixli Sərəncamı ilə 2020–2022-ci illər üçün su obyektlərinin monitorinqinin aparılması, nəzarətsiz su götürmələrin qarşısının alınması, uçot sisteminin qurulması, su itkilərinin azaldılması və digər prioritet istiqamətlər üzrə tədbirlər təsdiq edilib. Bununla yanaşı, su balansının elektron uçotunun aparılması, su obyektlərində və subartezian quyularında suyun götürülməsi və səviyyəsinin real vaxt rejimində izlənməsi məqsədilə “Elektron su təsərrüfatı” informasiya sisteminin yaradılmasına start verilib.

2020-ci ilin yay aylarında kəskin quraqlıq və su qıtlığı probleminin gündəmə gəlməsi ilə əlaqədar Dövlət Su Komissiyasının ilk iclası keçirilib. İclasda su ehtiyatlarının azaldığı vurğulanaraq operativ tədbirlər görülüb. Xüsusilə Mingəçevir su anbarından başlayaraq Kür çayının aşağı axarına qədər suyun ədalətli və optimal bölgüsünü təmin etmək məqsədilə xüsusi rejim tətbiq edilib. Kanalların lil qatından təmizlənməsi, su itkilərinin minimuma endirilməsi, su təchizatı zəif olan ərazilərə əlavə suyun verilməsi, eləcə də kiçik sututarların quraqlıq dövründə istifadəyə cəlb olunması kimi operativ addımlar atılıb. Görülən tədbirlər nəticəsində 2020-ci ilin suvarma mövsümündə quraqlığın təsirlərini qismən azaltmaq mümkün olub.

Həmin ilin noyabrında isə mütəxəssislər tərəfindən Suqovuşan anbarı, Xanarx kanalı və Tərtər çayının sol sahil magistral kanalı üzrə operativ vəziyyət qiymətləndirilib. Tərtər rayonu ərazisində Xanarx kanalının və sol sahil magistral kanalın təmir-bərpa işlərinin layihələndirilməsinə başlanılıb. Eyni zamanda, işğaldan azad edilmiş Zəngilan, Cəbrayıl və Kəlbəcər rayonlarında suvarma sistemləri idarələri uzun fasilədən sonra yenidən fəaliyyətə başlayıb.

2021-ci il: Su təsərrüfatında rəqəmsal yenilik və işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq

2021-ci ildə su idarəetməsinin elmi əsaslarla təkmilləşdirilməsi və azad edilmiş ərazilərdəki su resurslarının milli iqtisadiyyata inteqrasiyası istiqamətində strateji addımlar atılıb. Həmin il fevralın 13-də imzalanmış Fərmanla “Elektron su təsərrüfatı informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilib, sistemin fəaliyyət prinsipləri, məlumat inteqrasiyası və institusional mexanizmləri müəyyənləşdirilib. Azad edilmiş ərazilərdə su təsərrüfatı obyektlərinin tikintisi və bərpası, içməli və suvarma suyu təchizatı, yağış sularının idarə olunması tədbirləri genişləndirilib və Dövlət Su Komissiyasının əlaqələndirmə rolu artırılıb. Oxçuçayın ekoloji vəziyyətinə nəzarət məqsədilə 2021-ci ilin yanvarından mütəmadi keçirilən kompleks monitorinqlər vəziyyətə nəzarət məqsədi daşıyır. Aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət yaradılan işçi qrup Oxçuçayın suyundan və dib çöküntülərindən nümunələr götürərək fiziki-kimyəvi təhlillər aparıb və çayın çirklənmə səviyyəsinin dinamikasını hazırlayıb. Həmçinin iri kanallar və magistral xətlər üzrə suölçən cihazların quraşdırılması, kanalların təmir-bərpası və sızmaların azaldılması üzrə tədbirlər icra edilib, su balansı modulunun tətbiqi üzrə ilkin mərhələyə başlanılıb. Su təchizatı və meliorasiya sektorlarında paralel funksiyaların optimallaşdırılması, prosedurların sadələşdirilməsi və “vahid pəncərə” yanaşması üzrə hazırlıq işləri aparılıb.

Eyni zamanda, Kür hövzəsi boyunca su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi mexanizminin tətbiqi üzrə müvafiq tədbirlər görülüb. Ölkə üzrə, – işğaldan azad olunmuş ərazilər də daxil olmaqla, – Elektron su xəritəsi hazırlanıb (coğrafi koordinatlar, çayların mənbəyi, axın istiqamətləri, relyef göstəriciləri, hidroloji qurğuların yerləri, kanallar, su və su təsərrüfatı obyektləri və s).

İşğaldan azad edilmiş ərazilərin yararsız hala düşmüş və köhnəlmiş su infrastrukturundan müasir layihələrə

İşğaldan azad edilmiş ərazilərdə böyük su infrastrukturu layihələri 2022-ci ildə aktiv mərhələyə keçib. İlin əvvəlində Tərtər rayonunun “Suqovuşan” su anbarının və Ağdam rayonunun “Xaçınçay” su anbarının bərpasına, Füzuli rayonu ərazisindəki üç “Köndələnçay” su təmirinə başlamaq üçün vəsait ayrılıb. Həmçinin Tərtərçay Sol Sahil kanalı üzrə yenidənqurma işləri start götürüb. Bununla yanaşı, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında meliorasiya və su təsərrüfatı infrastrukturunun tam bərpası üzrə texniki-iqtisadi əsaslandırma sənədlərinin hazırlanmasına da başlanılıb. İrihəcmli yeni su anbarları layihələri üzərində də işlərə start verilib: Laçın rayonu ərazisində “Həkəriçay” su anbarı və Qubadlı rayonu ərazisində “Bərgüşadçay” su anbarı üçün layihə-smeta sənədlərinin tərtibi davam etdirilib. Laçın rayonunda “Zabuxçay” su anbarının və oradan uzanacaq magistral kəmərlərin layihələndirilməsinə də 2022-ci ildə başlanılıb.

Elə həmin il su ehtiyatlarının idarə olunmasına dair Milli Strategiyanın layihəsi hazırlanaraq razılaşdırma mərhələsinə çıxarılıb. Eyni zamanda, “Subartezian və artezian quyularının sifarişi, layihələndirilməsi, qazılması və istismarı Qaydaları” layihəsi hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub. Nazirlər Kabinetinin 2022-ci il 17 mart tarixli Qərarı ilə təsdiq edilmiş “Sudan ödənişli istifadə Qaydaları” təsdiq edilib. Qərara əsasən, su obyektlərindən bilavasitə su götürən hüquqi və fiziki şəxslər tərəfindən götürülən suyun ödənişlərinin həyata keçirilməsi üzrə mexanizm hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub.

Su ehtiyatlarının həcminin ölçülməsi və keyfiyyətinin izlənməsi də diqqətdə saxlanılıb. Belə ki, 2022-ci ildə bu sahədə də əhəmiyyətli addımlar atılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində milli su monitorinq mərkəzinin imkanları gücləndirilib. Bir sıra çay məntəqəsində avtomatik hidroloji stansiyaların quraşdırılması layihəsinə start verilib. Yeraltı suların müşahidəsi üçün Mil düzənliyi və Naxçıvan Muxtar Respublikasının ərazisində onlarla müşahidə quyusu təmir edilərək müntəzəm ölçmə rejiminə keçirilib. Bu addımlar iqlim dəyişikliyinin su resurslarına təsirini daha yaxşı anlamağa və erkən xəbərdarlıq sistemini formalaşdırmağa xidmət edir.

Su sektorunda vahid idarəetmənin qurulması və böyük quruculuq işlərinin genişlənməsi

Su sahəsində görülən işlər 2023-cü ildə də davam etdirilib, su sektorunda parçalanmış idarəetmənin aradan qaldırılması məqsədilə vahid mərkəzi icra hakimiyyəti orqanı – Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yaradılıb. “Azərsu” ASC və “Azmelsutəsərrüfat” ASC-nin funksiyaları və aktivləri Agentliyin tabeliyinə verilib. Beləliklə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin su sahəsində bütün səlahiyyətləri ADSEA-ya həvalə edilib. Su ehtiyatlarının mühafizəsi və istifadəsi üzrə bir sıra qanunvericilik aktları və “Sudan istifadə Qaydaları” yenilənib, su götürmə, istifadə və nəzarət mexanizmləri daha dəqiq çərçivəyə salınıb.

Eyni zamanda, 2023-cü ildə əvvəlki illərdə başlanan bir sıra infrastruktur layihələri tikinti mərhələsinə daxil oldu. Laçın rayonunda “Zabuxçay” su anbarının inşası sürətlə aparılaraq sınaq rejimində su yığımı həyata keçirilib, 2023-cü ilin sonunda anbarda su toplanıb. Paralel olaraq, “Həkəriçay” (Laçın) və “Yengicəçay” (Naxçıvan MR) su anbarlarının tikintisi davam etdirilib. “Bərgüşadçay” və “Zəyəmçay” su anbarları üzrə isə texniki-iqtisadi əsaslandırılma və layihələndirmə işləri 2023-cü ildə yekunlaşdırılıb, tikintiyə başlamaq üçün hazırlıq aparılıb. Bundan başqa, ölkənin müxtəlif regionlarında içməli su təminatını yaxşılaşdırmaq məqsədilə genişmiqyaslı su təchizatı və kanalizasiya layihələri icra olunub.

Şirvan, Salyan, Yevlax, Gəncə, Mingəçevir, Şəki, Balakən, Astara, Lənkəran və digər şəhərlərdə, ümumilikdə, 65 kilometr yeni içməli su xətləri çəkilib, minlərlə abonentə yeni su sayğacları quraşdırılıb, 70 kilometr köhnə kanalizasiya şəbəkəsi yenilənib, 3 kilometr yağış suları drenaj xətti inşa edilib.

2023-cü ildə su monitorinqi infrastrukturuna yeni texnologiyalar da cəlb edilib – bir neçə avtomat meteoroloji və hidroloji stansiya, Xəzər dənizi sahilində dəniz suyu müşahidə məntəqələri və radiozond avadanlıqları quraşdırılıb. İçməli su üzrə “AZS 929:2023” standartı qəbul edilib, monitorinq avadanlıqları və müşahidə imkanları genişləndirilib. Həmçinin transsərhəd əməkdaşlığı davam etdirilib. Belə ki, Kür, Araz, Samur və digər istiqamətlər üzrə su diplomatiyası və məlumat mübadiləsi tədbirləri həyata keçirilib.

Su ehtiyatlarının səmərəli istifadəsində yeni mərhələ: “e-su.az” və SCADA sistemlərinin tətbiqi

Azərbaycanın su təsərrüfatı sahəsində həm konseptual sənədlərin qəbulu, həm də iqlim risklərinə qarşı innovativ monitorinq sistemlərinin qurulması baxımından 2024-cü ili həlledici mərhələ adlandırmaq olar. Həmin ildə “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya” təsdiqlənib. ESTİS/SCADA inteqrasiyasının genişləndirilməsi istiqamətində işlər davam etdirilib. Belə ki, əsas su anbarları və kanallar üzrə real vaxt məlumat ötürülməsi artırılıb, “e-su.az” portalı istifadəyə verilib. Hidrometeoroloji müşahidə şəbəkəsi genişləndirilib – dağ çaylarında dopler radarları, yüksək dağlıq ərazilərdə əlavə avtomatik meteoroloji stansiyalar quraşdırılıb. Bu isə sel və daşqın risklərinin daha dəqiq proqnozlaşdırılmasına və erkən xəbərdarlıq sisteminin təkmilləşdirilməsinə şərait yaradıb. 2024-cü ilin yazında Kür və Araz çaylarında sel sularının proqnozu əvvəlki illərə nəzərən daha dürüst olmaqla, müvafiq qurumların qabaqlayıcı tədbirlər görməsinə imkan verib. Həmçinin iqlim dəyişkənliyinin təsirlərinə uyğun olaraq su anbarlarının əməliyyat rejimləri optimallaşdırılıb. Məsələn, “Mingəçevir” su anbarı üzrə çoxillik tənzimləmə qrafikləri yenilənərək quraq dövrlərdə ehtiyat toplama qabiliyyəti artırılıb, azad edilmiş ərazilərdə “Zabuxçay” su anbarı istismara verilib və suvarma təminatı genişləndirilib. Bakı şəhərində Hövsan Aerasiya Qurğusunda təmizlənmiş çirkab sularının kənd təsərrüfatında suvarma məqsədilə istifadəsi üzrə pilot layihə icra olunub. Bu çərçivədə müəyyən təcrübə sahələrində təmizlənmiş sularla suvarma aparılıb, nəticələr təhlil edilərək, normativ bazanın təkmilləşdirilməsi üçün təkliflər hazırlanıb.

Sayğaclaşmanın əhatə dairəsi genişlənir, itkilər minimuma endirilir

2025-ci il ölkənin su təsərrüfatı infrastrukturunun texnoloji modernizasiyası və resurslardan qənaətlə istifadə sahəsində həlledici nailiyyətlərin qeydə alındığı dövr kimi xarakterizə olunur. Bu il ərzində idarəetmənin rəqəmsallaşdırılması və istehlakçı məmnuniyyətinin artırılması istiqamətdə atılan addımlar su təhlükəsizliyi sistemini daha da möhkəmləndirib. Monitorinq şəbəkələrinin yenilənməsi, sayğaclaşmanın genişləndirilməsi və qanunsuz qoşulmaların aradan qaldırılması nəticəsində su itkilərinin azaldılması istiqamətində əhəmiyyətli irəliləyişlər əldə edilib. Müasir suvarma texnologiyalarının tətbiqi, suya qənaət edən sistemlərin yayılması və bu sahədə stimullaşdırıcı mexanizmlər daha da gücləndirilib. Təmizlənmiş tullantı sularının təkrar istifadəsi üzrə yanaşmaların normativləşdirilməsi və texnoloji tətbiqlər üzrə işlər də uğurla davam etdirilib. Ölkə üzrə içməli su təchizatında sayğaclaşma səviyyəsi artıq 93 faizə çatdırılıb ki, bu da son iki ildə 40 minə yaxın köhnə mexaniki sayğacın yeni elektron smart sayğaclarla əvəz edilməsi sayəsində mümkün olub. Eyni zamanda, içməli su standartlarına tam uyğunluğun təmin edilməsi məqsədilə laborator nəzarət və risk əsaslı su təhlükəsizliyi yanaşmalarının miqyası genişləndirilib.

Azərbaycan regionda su resurslarını ən səmərəli idarə edən dövlətlərdən birinə çevrilir

Beləliklə, son illərdə həyata keçirilən ardıcıl institusional islahatlar, genişmiqyaslı infrastruktur layihələri və rəqəmsal idarəetmə mexanizmlərinin tətbiqi ölkədə su ehtiyatlarının idarə olunmasını keyfiyyətcə yeni mərhələyə yüksəldib. İdarəetmədə pərakəndəlik aradan qaldırılıb, su ehtiyatlarının vahid mərkəzdən koordinasiyası üçün sağlam hüquqi baza formalaşdırılıb. İqlim dəyişikliklərinin yaratdığı çağırışlar fonunda su təhlükəsizliyinin təmin edilməsi artıq yalnız texniki məsələ deyil, milli təhlükəsizlik və dayanıqlı inkişafın əsas komponentlərindən biri kimi ön plana çıxıb. Bu sahədə qəbul edilən Milli Strategiya su resurslarının həm daxili, həm də transsərhəd səviyyədə mühafizəsi üçün yol xəritəsi rolunu oynayır. Rəqəmsallaşma sayəsində tətbiq edilən SCADA və “Elektron su təsərrüfatı” sistemləri real vaxt rejimində monitorinq aparmağa və itkiləri minimuma endirməyə imkan verir. İşğaldan azad edilmiş ərazilərdəki su anbarlarının bərpası və yeni hidrotexniki qurğuların inşası isə ölkənin ümumi su balansını əhəmiyyətli dərəcədə gücləndirir. Dövlət səviyyəsində göstərilən bu xüsusi diqqət həm kənd təsərrüfatının rəqabət qabiliyyətini artırır, həm də əhalinin içməli su təminatını iqlim risklərindən sığortalayır. Beləliklə, innovativ yanaşmalar və sistemli layihələr Azərbaycanı regionun su resurslarını ən səmərəli idarə edən dövlətlərindən birinə çevirməkdədir.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.