Azərbaycan UNESCO İcraiyyə Şurasının 222-ci sessiyasında bəyanatla çıxış edib
UNESCO-nun İcraiyyə Şurasının 222-ci sessiyasının təşkilatın mənzil-qərargahında keçirilən plenar iclasında Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev ölkəmizdən bəyanatla çıxış edib.
Fortunamag.az “Day.az”a istinadən xəbər verir ki, bəyanatda Azərbaycanın dörd illik İdarə Heyətinə üzvlüyü dövründə fəal iştirakı barədə məlumat verilib. Bildirilib ki, ölkə UNESCO-nun işində fəal iştirakını davam etdirmək niyyətindədir.
Abdullayev BMT Nizamnaməsinin və UNESCO Konstitusiyasının qəbulunun 80 illiyi ilə əlaqədar beynəlxalq həmrəyliyin və çoxtərəfli əməkdaşlığın vacibliyini vurğulayıb. Bu kontekstdə o, Azərbaycanın regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində səylərini, eləcə də Ermənistanla sülh prosesinin irəliləməsi üçün atılan addımları qeyd edib. Azərbaycan, ABŞ və Ermənistan liderlərinin 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən tarixi görüşünə xüsusi diqqət yetirilib.
Daimi nümayəndə Azərbaycan ilə UNESCO arasında əməkdaşlıqdan danışaraq, keyfiyyətli təhsil, elm və süni intellekt təşəbbüsləri, qadınların və gənclərin elmdə rolunun gücləndirilməsi, mədəniyyətlərarası dialoqun təşviqi sahələrində həyata keçirilən layihələrin əhəmiyyətini vurğulayıb.
Bəyanatda Azərbaycanın UNESCO dəyərlərinə sadiq qalaraq, beynəlxalq sülhün möhkəmləndirilməsi istiqamətində səylərini davam etdirəcəyi bir daha təsdiq edilib.
Fortunamag.az

