Azərbaycan – Səudiyyə Ərəbistanı Birgə Biznes Şurasının həmsədrləri görüşüb 08.10.25
Görüşdə biznes şurasının gələcək fəaliyyəti və bu platforma çərçivəsində biznes dairələri arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib.
Fortunamag.az Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, Bakıda keçirilən 2-ci Azərbaycan Halal Biznes (AZHAB) Forumu çərçivəsində Azərbaycan – Səudiyyə Ərəbistanı Birgə Biznes Şurasının həmsədrləri arasında görüş keçirilib.
Görüşdə Biznes Şuranın həmsədrləri – Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və Mehdi Hadi Alhatban, eləcə də Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteyli, forumda iştirak edən Səudiyyə Ərəbistanı nümayəndə heyəti və Azərbaycanın bir sıra biznes assosiasiyalarının təmsilçiləri iştirak ediblər.
Görüşdə KOBİA sədri Agentliyin Səudiyyə Ərəbistanının müvafiq qurumları ilə əməkdaşlıq etdiyini və iş adamları arasında əlaqələrin genişləndirilməsi üçün sahibkarlara dəstək göstərildiyini qeyd edib. Bildirilib ki, ölkələrimiz arasında mövcud ticarət dövriyyəsinin artırılması üçün hər iki ölkənin biznes dairələrini birləşdirən Biznes Şurasının potensialından daha geniş istifadə olunmalıdır.
Görüşdə Biznes Şurası çərçivəsində Səudiyyə Ərəbistanının maraq göstərdiyi sektor və layihələr üzrə mütəmadi məlumat mübadiləsinə, qarşılıqlı sahəvi biznes missiyaların təşkilinə, fəal sahibkarların bu platformaya cəlb edilməsinin davam etdirilməsinə dair fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Azərbaycan–Səudiyyə Ərəbistanı Birgə Biznes Şurası 2022-ci ildə Bakıda keçirilmiş Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın iclası çərçivəsində KOBİA və Səudiyyə Ərəbistanının Palatalar Federasiyası tərəfindən yaradılıb. İndiyədək Biznes Şuranın altı iclası keçirilib. Hər iki ölkədən biznes nümayəndələrinin təmsil olunduğu Biznes Şura sahibkarların təşəbbüslərini dəstəkləyir, onlar arasında birbaşa əlaqələrin qurulmasına, qarşılıqlı səfərlərin, görüşlərin və müxtəlif tədbirlərin təşkilinə kömək edir, iş adamları arasında informasiya mübadiləsini həyata keçirir.
Fortunamag.az

