Azərbaycan ilə Uqandanın diplomatik və xidməti pasport sahibləri viza tələbindən azad edilib
“Azərbaycan Respublikası Hökuməti ilə Uqanda Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş” təsdiq edilib.
Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Azərbaycan Respublikası Qanununu imzalayıb.
Qeyd edək ki, saziş 2025-ci il oktyabrın 15-də Kampala şəhərində imzalanıb. Preambuladan və 12 maddədən ibarət Sazişin müvafiq maddələrində hər iki tərəfin etibarlı diplomatik və xidməti pasportlara malik vətəndaşlarının vizadan azad olunması, tərəflərin ərazisində vizasız qalma müddətləri, əmək fəaliyyəti ilə məşğulluq qaydaları müəyyən edilir.
Sənəddə diplomatik nümayəndəliklərdə, konsulluqlarda və beynəlxalq təşkilatlar yanında akkreditə olunmuş diplomatik nümayəndəliklərdə vəzifələrini icra etmək üçün digər tərəfin dövlətinin ərazisinə səyahət edən etibarlı diplomatik və xidməti pasporta malik olan vətəndaşların akkreditə edilməsi, milli təhlükəsizlik, habelə ictimai asayiş və ictimai sağlamlıq məqsədləri ilə sazişin icrasının müvəqqəti olaraq tam və ya qismən dayandırılması ilə bağlı müddəalar və digər məsələlər öz əksini tapıb.
Sazişə əsasən, etibarlı diplomatik və xidməti pasportlara malik bir tərəfin vətəndaşları digər tərəfin ərazisinə vizasız daxil ola, oradan tranzit keçə, oranı tərk edə və hər 180 gün ərzində 90 gündən artıq olmayan müddətdə orada qala bilərlər.
Fortunamag.az
