Argentina dənizində yeni növlər
Argentina sahillərində yerləşən Mar del Plata dəniz kanyonunda dərinlik tədqiqatları zamanı canlı aləmin çoxsaylı nadir nümunələri müşahidə edilib. Fortunamag.az “Scientific American”a istinadən xəbər verir ki, avqust ayında 3 həftə ərzində robot-dalğıclar 50-dən çox nadir dəniz canlısı üzə çıxarıb. Onlardan təxminən 40-ı elmə yeni növ kimi qiymətləndirilir. Kanyonun iki kilometrlə daha dərin olan hissələrində müşahidə edilən pastel çalarlı xərçənglər, şəffaf güllü kalamarlardan tutmuş, rəngli ulduzbalıqlar və qeyri-adi meduzalara qədər bir sıra canlılar kameraya düşüb. Bu canlıların bəziləri ancaq həmin ekosistemə xas ola bilər. Tədqiqatçılar dəniz dibinin bu bölgəsinin ekoloji cəhətdən xüsusi əhəmiyyət kəsb etdiyini bildirir, çünki Atlantik və Antarktika sularının toqquşduğu həmin kanyon “biomüxtəliflik mərkəzi” sayılır. Elm adamları gələcək tədqiqatlarda yeni kanyonların da bu cür zəngin canlı aləmi saxladığını müəyyənləşdirməyi planlaşdırırlar.
Fortunamag.az
