Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında böyük kimyaçı-alim, akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunmuş “Yusif Məmmədəliyev: Odlar yurdunun fəxri” adlı tədbir keçirilib.
Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, Yasamal rayon MKS-nin direktoru, tarix üzrə fəlsəfə doktoru Lətifə Məmmədova akademik Yusif Məmmədəliyevin tədqiqatlarının keçmiş SSRİ məkanında və dünyada böyük əks-səda doğurduğunu söyləyib.
Bildirilib ki, akademik Yusif Məmmədəliyevin qiymətli sənaye məhsullarının alınması üçün böyük tətbiqi əhəmiyyətə malik texnoloji proseslərin işlənib hazırlanmasında müstəsna xidmətləri olub. Respublikada bir sıra elmi müəssisə və qurumların təşkili onun adı ilə bağlıdır. Genişspektrli fundamental tədqiqat işlərini səmərəli pedaqoji fəaliyyətlə paralel surətdə davam etdirən Yusif Məmmədəliyevin formalaşdırdığı Azərbaycan neft-kimya məktəbi ölkənin hüdudlarından çox-çox uzaqlarda tanınıb.
Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin akademik Yusif Məmmədəliyevin 120 illiyinin qeyd edilməsi haqqında imzaladığı Sərəncama uyğun olaraq, ötən il ölkəmizdə görkəmli alimin yubileyinə həsr olunmuş müxtəlif tədbirlər keçirilib.
Tədbir bədii proqramla davam edib.
Fortunamag.az
