Anar Quliyev “İqlim fəaliyyəti evdən başlayır: Dəyişən iqlimdə mənzil təminatı” adlı tədbirdə iştirak edib
“COP30 çərçivəsində keçirilən “İqlim fəaliyyəti evdən başlayır: Dəyişən iqlimdə mənzil təminatı” adlı yan tədbirdə açılış nitqimi söyləmək və panel müzakirəsində iştirak etmək imkanım oldu. Əlverişli və davamlı mənzil təminatı həm insan hüquqlarının qorunması, həm də iqlim dayanıqlılığı, təsirlərin azaldılması və inklüziv inkişaf üçün əsas amildir. Mənzillər iqlim dəyişikliyindən təsirləndiyi kimi, ona təsir də göstərir. Buna görə şəhərsalma və tikinti prosesləri ətraf mühitə təsirləri minimuma endirməli, icmaların rifahını artırmalıdır”.
Fortunamag.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev sosial media hesabında paylaşıb.
Qeyd olunub ki, Azərbaycan BMT-nin Məskunlaşma Assambleyasının “Hər Kəs üçün Münasib Mənzil” qətnaməsi üzrə Hökumətlərarası İşçi Qrupun həmsədri qismində iqlim aspektlərinin qlobal mənzil prinsiplərinə tam inteqrasiyasını təmin edəcək.
Bakıda gələn il keçiriləcək WUF13-də mənzil məsələsini iqlim dayanıqlılığı və sosial inklüzivliyə dair siyasətlərin əsas elementi kimi prioritetləşdirəcəyik. Dünya Şəhərsalma Forumu aşağı karbonlu, dayanıqlı tikinti təcrübələrinin genişləndirilməsinə və inklüziv şəhər siyasətlərinin təşviqinə xidmət edəcək.
WUF13 həmçinin Azərbaycanın innovativ şəhərsalma təşəbbüslərini – Bakı şəhərinin insanmərkəzli və iqlimədavamlı həllərə əsaslanan Baş Planı, azad edilmiş ərazilərdə dayanıqlı, ağıllı və inklüziv prinsiplərlə icra olunan Böyük Qayıdış Proqramı, eləcə də əlçatan və keyfiyyətli mənzil layihələrini təqdim edəcək.
Ev sahibi kimi Azərbaycan WUF13-də dialoqu praktik nəticələrə çevirməyə sadiqdir.

Fortunamag.az
