Bakıda “EXPO 2030 Ər-Riyad” dünya sərgisinin baş icraçı direktoru Talal Əl-Mərri və ölkəmizin “EXPO 2030 Ər-Riyad” üzrə baş komissarı Anar Ələkbərov arasında keçirilən görüşdə Azərbaycanın bu beynəlxalq layihədə iştirakına dair müqavilə imzalanıb.
Fortunamag.az xəbər verir ki, müqavilənin imzalanması Azərbaycanın sərgidə iştirakına hazırlıq prosesində mühüm addım hesab olunur.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi, ölkəmizin “EXPO 2030 Ər-Riyad” üzrə baş komissarı Anar Ələkbərov dünya sərgisində iştiraka dair müqavilənin Bakıda imzalanmasına diqqət çəkərək bildirib ki, Azərbaycan ilə Səudiyyə Ərəbistanı Krallığı arasında dostluq, qarşılıqlı hörmət və sıx əməkdaşlığa əsaslanan əlaqələr mövcuddur. Bu münasibətlər siyasi, iqtisadi, enerji və mədəniyyət sahələrində davamlı inkişaf edir. “EXPO 2030 Ər-Riyad” sərgisində iştirakımız bu tərəfdaşlığın əhəmiyyətini və Səudiyyə Ərəbistanının bu mühüm beynəlxalq tədbirə ev sahibliyi etməsinə dəstəyimizi nümayiş etdirir.
Qeyd olunub ki, Azərbaycan pavilyonu ölkəmizin zəngin irsini, mədəniyyətini və gələcəyə baxışını dünyanın müxtəlif ölkələrindən gələn ziyarətçilərə təqdim edərək xalqlarımız arasında əlaqələri daha da möhkəmləndirməyə xidmət göstərəcək.
“EXPO 2030 Ər-Riyad”ın baş icraçı direktoru Talal Əl-Mərri bildirib ki, sərgidə beynəlxalq iştirak getdikcə genişlənir. İştirakını təsdiqləyən ölkələr artıq pavilyonlarının hazırlanması və ziyarətçilər üçün təqdim olunacaq proqramların planlaşdırılması istiqamətində fəal iş aparır. Azərbaycanın sərgidə iştirakına dair müqavilənin imzalaması da bu prosesdə mühüm bir mərhələdir.
Onun sözlərinə görə, “EXPO 2030 Ər-Riyad” ölkələri və xalqları bir araya gətirərək fikir mübadiləsini təşviq edəcək, əməkdaşlığı genişləndirəcək və ortaq gələcəyimizin formalaşmasına töhfə verən yeni tərəfdaşlıqların qurulmasına şərait yaradacaq.
Qeyd edək ki, Ər-Riyadda EXPO dünya sərgisi 2030-cu il oktyabrın 1-dən 2031-ci il martın 21-dək davam edəcək. Hazırda “EXPO 2030 Ər-Riyad” sərgisinə hazırlıq prosesi çərçivəsində ərazinin hazırlanması, ilkin infrastrukturun yaradılması üzrə işlər həyata keçirilir.