Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti:
- İkitərəfli münasibətlərinin əsası kimi bir-birinin suverenliyini, müstəqilliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını dəstəklədiklərini bir daha təsdiqləyirlər;
- 8 avqust 2025-ci il tarixində Vaşinqton şəhərində imzalanmış Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumundan çıxış edirlər;
- Regional bağlantılar, iqtisadi sərmayə və təhlükəsizlik əməkdaşlığı da daxil olmaqla, qarşılıqlı maraq və ortaq fayda doğuran sahələrdə strateji tərəfdaşlıqlarının əhəmiyyətini təsdiqləyirlər;
- Diplomatik, iqtisadi, enerji, texnoloji və təhlükəsizlik sahələri də daxil olmaqla, qarşılıqlı maraq doğuran məsələlərdə münasibətləri gücləndirmək üçün birgə niyyətlərini vurğulayırlar;
- Strateji tərəfdaşlığın və genişləndirilmiş əməkdaşlığın planlaşdırılması və həyata keçirilməsinə yalnız dövlət qurumlarının deyil, həm də hər iki ölkənin özəl sektorlarının cəlb edilməsinin mühüm əhəmiyyətini təsdiqləyirlər.
- Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları, Orta Dəhlizin inkişafına xüsusi diqqət ayıraraq enerji, nəqliyyat və rəqəmsal infrastruktur sektorlarında, o cümlədən TRIPP və digər layihələrin inkişaf etdirilməsi vasitəsilə iqtisadi artımı və regional bağlantıları təşviq etmək üçün əməkdaşlığı genişləndirmək niyyətindədirlər;
- Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları regional bağlantıların əhəmiyyətini qəbul edərək, enerji və nəqliyyat sektorlarına, eləcə də rəqəmsal infrastrukturun inkişafına dövlət və özəl sektor sərmayələrini səfərbər etmək imkanlarını araşdırmaq niyyətindədirlər;
- Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi Azərbaycan Respublikasının strateji əhəmiyyətini qəbul edərək, ikitərəfli formatda və üçüncü ölkələrlə tərəfdaşlıq vasitəsilə, interkonnektor layihələri kimi birgə layihələrin icrası və təchizat marşrutlarının şaxələndirilməsi istiqamətində, neft, qaz və elektrik enerjisi sektorları da daxil olmaqla, enerji əməkdaşlığını genişləndirmək niyyətindədirlər;
- Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları mülki nüvə əməkdaşlığını dərinləşdirmək niyyətindədirlər;
- Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları kritik mineralların Orta Dəhliz vasitəsilə qlobal bazarlara tranzitini asanlaşdırmaqla bağlı əməkdaşlıq etmək niyyətlərini ifadə edirlər.
- Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları iqtisadi artımı gücləndirmək, sərmayələri təşviq etmək və ikitərəfli biznes mühitini inkişaf etdirmək üçün əməkdaşlığı genişləndirmək niyyətindədirlər. Amerika Birləşmiş Ştatları Azərbaycan Respublikasının qlobal iqtisadiyyata daha da inteqrasiya etmək və Xəzər regionu üçün enerji, ticarət, data, maliyyə, nəqliyyat və logistika şəbəkəsi kimi mövqeyini gücləndirmək səylərini alqışlayır;
- Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları iqtisadi və ya ticarət dialoqu platformalarının təşkili imkanlarının araşdırılması da daxil olmaqla, ikitərəfli ticarət və sərmayələri artırmaq üçün strateji fürsətləri müəyyənləşdirmək niyyətindədirlər;
- Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları özəl sektorun fəal iştirakı ilə ikitərəfli və regional iqtisadi, ticarət və sərmayə əməkdaşlığını inkişaf etdirmək üçün əməkdaşlığı genişləndirmək niyyətindədirlər;
- Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları AI tərəfdaşlıqlarının inkişaf etdirilməsi üzrə əməkdaşlığı genişləndirmək və müvafiq hallarda, kosmik sənaye sahəsində əməkdaşlığı və Azərbaycan Respublikasında özəl sektorla əməkdaşlıq ilə AI data mərkəzlərinin inkişafı da daxil olmaqla, rəqəmsal infrastruktura sərmayə qoyuluşunu təşviq etmək niyyətindədirlər;
- Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları uğurlu beynəlxalq təcrübələrə əsaslanaraq, özəl müəssisə kapitalını təşviq etməyə, texnoloji inkişafı erkən mərhələdə riskdən azad etməyə və kommersiyalaşmanı sürətləndirməyə yönəlmiş birgə Tədqiqat və İnkişaf (R&D) dəstək alətləri, innovasiya körpü platformaları, eləcə də kibertəhlükəsizlik və süni intellekt sahəsində sektor-əsaslı təşəbbüslər kimi məxsusi mexanizmlərin yaradılmasını araşdırmaq niyyətindədirlər;
- Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları inkişafda olan texnologiyaların, platformaların və biznes təcrübələrinin tətbiqində uğurlu təcrübələri bölüşmək və texniki yardım göstərmək, dəstəkləyici tənzimləyici mühitə əsaslanaraq Azərbaycan Respublikasında istedadların inkişafı və bacarıqlı texnoloji işçi qüvvəsinin artımı üçün tərəfdaşlığı gücləndirmək və transsərhəd və Transxəzər rəqəmsal bağlantılar üçün sərmayələri təşviq etmək niyyətindədirlər;
- Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları, Azərbaycan Respublikasında rəqəmsal infrastrukturun inkişafı və AI tətbiqi üçün birgə tədqiqatı, inkişafı, kommersiyalaşmanı, texnologiyanın mühafizəsini və qarşılıqlı müəyyən edilmiş şərtlər əsasında, hüquqi və tənzimləyici çərçivələrə uyğun olaraq texnologiyaların könüllü ötürülməsini dəstəkləmək məqsədilə hökumətlərarası səviyyədə və dövlət-özəl tərəfdaşlıqları vasitəsilə əməkdaşlıq etmək niyyətindədirlər.
- Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları müdafiə sənayesi məhsullarının satışı da daxil olmaqla, müdafiə və təhlükəsizlik əməkdaşlığının əhatə dairəsini genişləndirmək niyyətindədirlər;
- Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları terrorizm təhdidinə qarşı birgə mübarizə aparmaq öhdəliklərini nəzərə alaraq, mövcud antiterror əməkdaşlığını genişləndirmək niyyətindədirlər;
- Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları kibertəhlükəsizlik və mühüm infrastrukturun mühafizəsi sahəsində bacarıqları artırmaq məqsədilə əməkdaşlıq etmək niyyətindədirlər;
- Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları Azərbaycan Respublikasının mina və digər partlayıcı maddələrlə çirklənmə səbəbindən üzləşdiyi ciddi çətinlikləri nəzərə alaraq, maliyyə dəstəyi və texnologiya ötürülməsi vasitəsilə humanitar minatəmizlənmə sahəsində potensialın artırılmasında əməkdaşlıq etmək niyyətindədirlər.
Fortunamag.az